Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ölkəmizdə bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib.
AzerTimes-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb:
“Eyni zamanda, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin (ceyran, zubr və s.) artırılması istiqamətində onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunaraq populyasiyalarının bərpası həyata keçirilib”.
A.Səmədova onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə gələcəkdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.
Xatırladaq ki, 22 may Beynəlxalq Biomüxtəliflik günüdür. Planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.