Ölkədə xarici reklama qadağa

Ölkədə xarici reklama qadağa

Xarici ölkələrin televiziya kanallarında yayımlanan reklamların Azərbaycanın kabel televiziyası şəbəkəsində nümayişi qadağan edilir. Buna görə kabel televiziyası şirkətləri məsuliyyət daşıyacaq.

Bu qanun yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.

Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.

Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu qanun yalnız kabel şəbəkəsində yayımlanan xarici ölkələrin reklamlarının qarşısı almaq üçün nəzərdə tutulub.