Azərbaycanda Xalq Cümhuriyyəti irsinin öyrənilməsinə və təbliğinə böyük diqqət yetirilir – Şərh

Bu gün Azərbaycan 28 may Müstəqillik Gününü qeyd edir. Ulu öndər
Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra
milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz
xidmətlərinin zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm
tədbirlər həyata keçirib və bu gün dövlət səviyyəsində bu
istiqamətdə siyasət davam etdirilir.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Cavid Osmanov bildirib ki, Şərqdə ilk dəfə
müstəqilliyini Azərbaycan bəyan etdi, ancaq o zaman Azərbaycanın
müstəqil dövlət kimi yaşaması cəmi 23 ay çəkdi.

“Ümumilli liderimiz Heydər Əliyevin hər zaman Azərbaycan Xalq
Cümhiriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub.
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməmişdən məhz ulu
öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sessiyasında 1990-cı il noyabrın 17-də Xalq
Cümhuriyyətinin bayrağının qaldırılıb və Naxçıvan MR-nın dövlət
bayrağı kimi rəsmiləşdirilib.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən
müstəqilliyini itirmək astanasında idi. O zaman Azərbaycanda
hakimiyyət uğrunda çəkişmələr, xaos, anarxiya, xüsusən AXC-Müsavat
cültüyünün xəyanəti nəticəsində ölkəmizdə vəziyyət dərin böhran
həddinə çatmışdı. Bir tərəfdən də ermənilər torpaqlarımızı işğala
məruz qoyurdular.

Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa
başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı,
iqtisadi inkişafımızın təməli qoyuldu”, – deyə deputat
bildirib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev eyni zamanda
hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın
müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının
əbədiləşdirilməsi istiqamətində mühüm işlər gördü.

“Ümummilli lider Heydər Əliyev 1 fevral 2003-cü il tarixli
“Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında”
Sərəncamı imzaladı, 2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal
bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı
baş tutdu.

Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il
ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi ki, bu da
dövlət başçısının Xalq Cümhuriyyətinin irsinin qorunmasına verdiyi
böyük diqqətin bariz nümunəsi idi.

Bu gün Azərbaycan heç zaman olmadığı qədər qüdrətli bir ölkəyə
çevrilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
44 günlük Vətən müharibəsində tarixin Zəfərlə torpaqlarımız
işğaldan azad edilib və artıq Azərbaycan Müstəqillik Gününü qalib
dövlət kimi qeyd edir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə
AzerTimes-a deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyəti hər zaman müstəqil Azərbaycan
Respublikası tərəfindən yüksək qiymətləndirilib, ölkəmizdə bu
əhəmiyyətli hadisənin unudulmaması, təbliğatı üçün bir çox işlər
görülüb.

“Ölkə rəhbərliyi AXC qurucularının xatirəsinə həmişə böyük
hörmətlə yanaşıb, onun dəyərlərinə və ənənələrinə sadiq qalıb.

Hələ Azərbaycan müstəqil dövlət olmazdan öncə, 1990-cı ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti
bayrağının qaldırılması, bu bayrağın Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı və dövlət rəmzi kimi təsdiq edilməsi
ümummilli liderin ölkəmizin tarixi irs və ənənələrinin qorunması
üçün necə çalışdığını bir daha sübut edir.
Heydər Əliyevin AXC irsinin qorunub saxlanılması üçün gördüyü ən
vacib xidmətlərdən biri isə 2003-cü il tarixli “Azərbaycan Xalq
Cümhuriyyətinə abidə ucaldılması haqqında” imzaladığı Sərəncamla
bağlıdır. Bu tarixi Sərəncamla Cümhuriyyətə abidə ucaldılmış, onun
görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi
əbədiləşdirilmişdir. Ulu Öndərin təşəbbüsü ilə həmçinin
Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən
amnistiya elan edilmişdir”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan
Prezident İlham Əliyev də dahi liderin bu siyasətini davam
etdirmiş, hər zaman AXC dəyərlərinin qorunması üçün böyük səylə
çalışmışdır.

“2007-ci ildə şəhərin ən gözəl yerlərindən birində İstiqlaliyyət
bəyannaməsi abidəsinin ucaldılması, 2018-ci ildə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi cənab Prezidentin tariximizin
demokratik ənənələrinə sadiqlik göstərdiyinin bariz nümunəsidir. Bu
əhəmiyyətli hadisə AXC-yə yüksək ehtiramın göstəricisi və tarixi
keçmişimizə verilən dəyərin sübutudur.

Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə
də qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan
üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan
Şuşa şəhərində dalğalanması çox qürurverici hadisədir. Biz çox
xoşbəxt dövlətik ki bu gün bu tarixi əhəmiyyətli bayramımızı qardaş
ölkə Türkiyə ilə birlikdə qeyd edirik. Cənab Prezident Müstəqillik
Günü ilə bağlı çıxışında bütün dünyaya mesaj verərək Azərbaycan və
Türkiyənin bir yerdə olduğunu, bir yerdə olacağını və bununla
gücümüzün daha da artacağını xüsusilə qeyd etməsi qardaşlıq
bağlarımızın artması istiqamətində bizə güc və ruh verir”, – deyə
deputat bildirib.

Teqlər: