Xəbər - İlhamə İsabalayeva – Trend:
Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.
AzerTimes-ın məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılan araşdırma nəticəsində məlum olub.
Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Azərbaycanda 350-dən çox palçıqvulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz.
Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur.
Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq,Babazənən, Qaynarca, Perşkül, Daşgil – ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb. Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş AxtarmaQaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür.