Azərbaycanda vicdan azadlığının qorunması və dini ali təhsilin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir – İlahiyyat İnstitutunun rektoru (MÜSAHİBƏ)

Azərbaycanda vicdan azadlığının qorunması və dini ali təhsilin
inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yeni
binasının açılışında iştirakı onun mənəvi dəyərlərimizə, dinimizə
göstərdiyi ehtiramı, qayğını əyani şəkildə nümayiş etdirdi.
Azərbaycan İlahiyyat İnstitutu yaradılan gündən dövlətin qayğısı
ilə əhatə olunub. İnstitutumuzun əsas məqsədi xurafatdan uzaq din
xadimlərini yetişdirməkdir.

Bunu AzerTimes-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun
(Aİİ) rektoru Aqil Şirinov deyib.

O bildirib ki, hamımız Orta Şərqdə din və məzhəb zəminində
yaşanan qanlı hadisələrin şahidiyik: “Çox təəssüf ki, bu
hadisələrdə din amilindən istifadə olunur. Dinimizin mənbələrinə
uyğun olmayan radikal yozumu insanları bir-birinə düşürməkdə
istifadə olunur. Çox təəssüf ki, bu, bəzi Şərq ölkələrinin acı
reallığıdır. Bunun da qarşısını almaq üçün mütləq elmi mənbələrə
əsaslanan din təhsilinə ehtiyac var. Hər ölkənin öz spesifik
xüsusiyyətlərini nəzərə alan dini təhsil lazımdır. Bəzən xarici
ölkələrə gedib, orada dini təhsil alan bəzi insanlarda milli şüurun
zəifliyini müşahidə edirik. Təhsil aldığı ölkənin dini maraqları
onlar üçün daha önəmli olur.

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrimizin təhsil alması
onların dini doğru formada anlaması, eləcə də bizim yerli
spesifikamızı nəzərə almaları üçün mühüm əhəmiyyət kəsb edir.
İnstitutumuzda bu kimi məsələlərə xüsusi diqqət ayrılır. Biz
çalışırıq ki, islam və başqa dinləri tələbələrimizə olduğu kimi
çatdıraq”.

Rektor qeyd edib ki, dini ayrı-seçkiliyə Qərb ölkələrində də
rast gəlinir. Amma ölkəmizdə tarixən tolerant mühitin şahidi
oluruq.

“Azərbaycanda müxtəlif dinlərə, etnoslara məxsus insanlar
yaşayır və aralarında dini-etnik problemlər olmayıb. Cənab
Prezidentin də vurğuladığı kimi, tolerantlıq bizim həyat
tərzimizdir. Bu gün də ölkəmzidə müxtəlif dinlərin nümayəndələri
sərbəst yaşayır. Onlara qarşı hansısa diskriminasiyadan söhbət gedə
bilməz. Əksinə, onlar hər zaman dövlətimizin qayğısı ilə əhatə
olunub. Hər il dövlət tərəfindən müxtəlif dini konfessiyalara maddi
yardımlar ayrılır.

Azərbaycan dövlətinin mənəvi dəyərlərə verdiyi önəmin bariz
nümunəsini işğaldan azad olunan torpaqlarımızda inşa və bərpa
edilən məscid və məbədlərimizdə görürük. Ermənilər tərəfindən
dağıdılan məscidlər yenidən inşa edilir. Şuşa şəhərində məscidlər
təmir olunur və yeni məscidin tikintisi nəzərdə tutulur. İşğaldan
azad edilən torpaqlarımızda görülən işlərdə Heydər Əliyev Fondunun
müstəsna fəaliyyətini də xüsusi vurğulamaq istəyirəm. Fond işğaldan
azad edilən torpaqlarımızda məbədlərimizin bərpasına xüsusi diqqət
göstərir”,- deyə rektor bildirib.

Teqlər: