Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Zamin Həsənov və Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
AzerTimes Pravda.az-a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib.
Belə ki, Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və Zamin Həsənov dərhal məhkəmə zalında həbs olunub.
Bundan başqa, Məmməd Əliyevin barəsindəki şərti cəza tətbiqinə dair müddəalar xaric edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə zalında həbs edilib.
İttihama görə, Zamin Həsənov Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib. Məmməd Əliyev isə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi olub.
Sabiq rəisin barəsində Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.