Xəbər - Çingiz Səfərli – Trend:
Uzun illər halal sertifikatının verilməsi Azərbaycanda alver obyekti olub. İstehsalçılardan külli miqdarda vəsait alınıb.
Bunu AzerTimes-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib:
“Əslində bu sertifikatı verən qurum dövlət orqanlarında akkreditasiyadan keçmiş olmalıdır. 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Azərbaycanda 6 il əvvəl halal standartı yaradıldı, orda halallığın bütün şərtləri əksini tapdı. Hətta bu sertifikatın verilməsi üçün “Azesert Halal” MMC təsis edildi. Həmin MMC-nin laboratoriyaları var idi. Lakin bu gün də halallıqla bağlı problemlər var”.
Eskpert bildirib ki, bu gün pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir:
“Dindarların bu şəkildə aldadılması yolverilməzdir. Biz təklif etmişik ki, halal sertifikatı istehsal prosesini izləmək üçün onlayn izləmə sistemi olan müəssisələrə verilsin. İstənilən inanclı insan da bu sistem vasitəsilə heyvanın hansı şəkildə kəsildiyini və məhsulun necə hazırlandığını görsün. Bundan başqa təklif edirik ki, halal sertifikatı islam bankçılığı ilə maliyyələşən və faizlə kredit götürməyən müəssisələrə verilsin. Bu da halalın mühüm şərti ola bilər. Təəssüf ki, bu məsələ standartlarda nəzərdə tutulmayıb”.
Eyyub Hüseynovun sözlərinə görə, bu gün halal mallara dünyada böyük tələbat var:
“Hətta digər dinlərin nümayəndələri də bu məhsullara ekoloji cəhətdən təmiz məhsul kimi baxırlar. Məlumatımıza görə, halal sertifikatı olan mallara ildə 3 trilyon dollardan çox vəsait xərclənir. Müsəlman ölkələri bu standarta tam cavab verən məhsullar istehsal edə bilsələr, dünya ərzaq bazarında böyük yer tuta bilərlər”.
Twitter: @cingizsafarli