Azərbaycanda vaqon təmirində daha bir yenilik (FOTO)

Bakı metropolitenində 2021-ci il daha bir texnoloji yenilik həyata vəsiqə qazanıb. Metropoliten tarixində ilk dəfə müasir tipli qatarların planlı qaldırma təmirini yerli mütəxəssislər uğurla yerinə yetirib.

Metropolitendən AzerTimes-a verilən məlumata görə, 5 ildən artıqdır ki, istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında bu təmir növü istehsalçı müəssisənin müəyyən etdiyi texniki-istismar şərtlərinə uyğun məcburi qaydada yerinə yetirilməlidir. Həm də bu təmir növü sərnişin təhlükəsizliyi və qatarların saz vəziyyətdə saxlanmasının qeyd-şərtsiz tələbidir.

Bakı metropolitenində ilk dəfə belə təmir işləri 2020-ci ilin yanvar-fevral aylarında aparılıb. Həmin vaxt vaqonların istehsalçısı olan Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin “Metrovaqonmaş” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Metrovaqonmaş-Servis” Birliyi dövri təmirini yerinə yetirib. 2019-cu ildə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, “Metrovaqonmaş-Servis” vaqonların təmiri ilə yanaşı, bu prosesi gələcəkdə yerinə yetirəcək kadrları hazırlamalı idi. Vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi tədris prosesinə daxil edilmişdi.

Ümumiyyətlə, vaqon parkının yenilənməsində yalnız müasir tipli qatarların alınması ilə həyata keçiriləcəyini nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi kadrların hazırlığını bir neçə ildir ardıcıl proqramla təmin edir. Bir qrup mütəxəssis Moskva metropolitenində və istehsalçı müəssisənin sexlərində təmirlə bağlı müvafiq kurs və təcrübə mübadiləsini keçib. Daha sonra istehsalçı müəssisənin mütəxəssisləri yerli şəraitdə hazırlıq kurslarını davam etdiriblər. Məhz vaxtında atılmış bu addımın nəticəsi olaraq, 2020-ci ildə pandemiya şəraitində Bakıya gətirilmiş 81-765 tipli yeni nəsil qatarların sazlanması moskvalı mütəxəssislər cəlb edilmədən, Bakı metropoliteninin elektrik deposunun mütəxəssisləri tərəfindən həyata keçirilib.

81-760 yeni tipli qatarın qaldırma təmirinin xüsusi əhəmiyyəti var. Bura vaqonların dartı mühərriklərinin, güc inventorlarının, elektrik və elektron avadanlıqlarının, pnevmatik və mexaniki qovşaqlarının, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemlərinin və digər elementlərinin təmiri, daha sonra sınaqlarının keçirilməsi daxildir.

Bu təmirin yüksək keyfiyyətlə aparılmasını təmin etmək üçün depoda müvafiq şərait yaradılıb. Yeni tipli vaqonların əvvəlki nəsil qatarlardan əsaslı fərqi nəzərə alınaraq, təmir üçün yeni avadanlıqlar və stendlər quraşdırılıb. Müasir tipli vaqonların təmiri prosesində mexaniki qovşaqların yığılması işin gedişinə müsbət təsir göstərir. Buna nümunə olaraq arabacıqların defektoskopiya üsulu ilə yoxlanması üçün xüsusi çevirici qurğu göstərilə bilər. Bununla arabacıqların 360 dərəcə fırlanması təmin olunur. Əlavə olaraq hər bir arabacıq tam yığıldıqdan sonra kompleks şəkildə quraşdırılmış xüsusi sınaq stendində yoxlanılır. Bu sınaqlara dartı mühərriklərinin, dartı reduktorlarının, dişli muftaların, təkər cütlərinin buks qovşaqlarının normal iş rejiminin yoxlanılması, qovşaqların qızma hədlərinə nəzarət daxildir. Pnevmatik qovşaqlar, hidravlik amortizatorlar sexdə quraşdırılmış müasir stendlərdə sınaq olunur, normalara uyğun gəldikdə vaqon üzərinə quraşdırılır.

Bütün bunlar yeni nəsil qatarların təmir prosesinin ən yüksək standartlarını tətbiq etməyə imkan verib. Həmçinin təmir ardıcıllığı, əmək şəraiti optimal səviyyədə qurulub. Ən vacibi, kadrların optimal hazırlığı təmin edilib. Yeni tipli qatarların yerli şəraitdə qaldırma təmiri texniki yeniliklərin tətbiqinə, elmi potensialın inkişafına da müsbət təsir göstərən amildir.
Metropoliten infrastrukturunun son yoxlanılmaları zamanı irihəcmli təmirə ilk dəfə cəlb edilmiş yeni tipli qatar xətdə normal iş rejimi şəraitində sınaqdan uğurla çıxarılıb. Təhlillər təmirin yüksək keyfiyyətlə yerinə yetirildiyini göstərib.

Beləliklə, Bakı metropolitenində ən müasir tipli qatarların mühüm təmir növünü də yerli mütəxəssilər artıq sərbəst həyata keçirirlər.

Teqlər: