Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif
edilir.
Bu məsələ barədə AzerTimes-ın sualını cavablandıran nəqliyyat məsələləri
üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu təklif yenilik kimi
görünsə də, Bakı şəhərində vahid parklanma kartı kimi kartlar var.
Xüsusən də yeraltı parkinqlərdə belə bir sistem tətbiq edilir.
“Qış Parkı və ya Azadlıq Meydanı yaxınlığında olan parkinqlərə
yaxınlaşıb həmin ərazidə yaşamağınız və ya işləməyinizlə bağlı hər
hansı bir sənəd təqdim etsəniz, sizə aylıq bir kart verirlər və o
kart vasitasilə ödənişinizi günlük qiymətin üçdəbiri səviyyəsində
edirsiniz. Ombudsman təklif edir ki, vahid bir kart tətbiq edilsin
və bu kart hər yerdə keçərli olsun. Bunun özü parklanma ilə bağlı
maraqlı bir faktordur. Əksər xarici ölkələrdə bu sistemdən istifadə
olunur. Hər halda, Ombudsman Səbinə Əliyeva da bunu nəzərə alaraq
belə bir təklif verib. İnnovativ yeniliklər hər zaman diqqət çəkir,
maraq cəlb edir və bu barədə elə qərarlar qəbul etmək lazımdır ki,
səhv olmasın. Sistem tətbiq ediləcəksə, bunu təkmil formada etmək
lazımdır ki, sonra üstündən xətt çəkilməsin”, – deyə ekspert qeyd
edib.