Azərbaycanda üzgüçülük idman növü üzrə açıq qış çempionatı başlayır

Bu gündən başlayaraq mart ayının 13-nə qədər üzgüçülük idman
növü üzrə Azərbaycan açıq qış çempionatı start götürür.

Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda 3-cü idman
dərəcəsi olan 140-a yaxın idmançı iştirak edəcək.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst
üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və
batterfley üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük
Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və
təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə
Azərbaycanın 15 müxtəlif klubun və idman cəmiyyətlərinin üzgüçüləri
güclərini sınayacaqlar. Bunlar Azərbaycan Üzgüçülük Federasiyası,
Su İdman Sarayı, 1st Fitness, ÜGİM Xətai, Azərbaycan Avropa
Məktəbi, Paralimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu, AURA
sağlamlıq Mərkəzi, FHN idman klubu, Kristal üzgüçülük klubu,
Sərhədçi İdman Olimpia Kompleksi, Şua sağlamlıq mərkəzi, ÜGİM
Sumqayıt, Respublika UGİM-dir. Yarışın nizamnəməsinə uyğun olaraq
Azərbaycan açıq qış çempionatında İran İslam Respublikasının klub
üzgüçüləri də iştirak edəcəklər. Yarışın keçirilməsində məqsəd
üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması,
kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq
yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın
tərkibinin yenidən formaşaldırılmasıdır.

Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən
müvafiq diplomlarla təltif olunacaqlar.

Teqlər: