Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb – RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa
və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna
indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.

AzerTimes-ın məlumatına görə bu barədə Səhiyyə Nazirliyi İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının səhiyyə qurumları
tərəfindən respublika ərazisində epidimioloji vəziyyət dərhal
araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda
mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı
aşkarlanmayıb.

Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində
vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə
düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena
qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması,
xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan
çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza
toxunmamaq tövsiyə edilir.

Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin
simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı
tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq.

Teqlər: