Milli iqtisadiyyatın güclənməsi və müasirləşməsinin təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlara dəstək məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra layihələr həyata keçirilir.
“Azərbaycan Sənaye Korporasiyası”ndan AzerTimes-a verilən məlumata görə, bu baxımdan Korporasiya və “Rafa Group” MMC-nin birgə fəaliyyəti ilə reallaşdırılan “Bezlərin və kağız məhsulların istehsalı” layihəsi həmin məhsullar üzrə idxal asılılığının azaldılması, fəaliyyəti dayanmış fabrikdə istehsalın bərpa olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, 2016-cı ildən fəaliyyət göstərməyən “Kağız Məhsulların Emalı” fabriki 2020-ci ilin aprel ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçmiş və həmin andan etibarən Korporasiya qeyd olunan fabrikin biznes mühitinə geri qaytarılması istiqamətində aktiv şəkildə fəaliyyətə başlamışdır. Bu məqsəd ilə dövlət və özəl əməkdaşlığı çərçivəsində bir neçə investorlar ilə görüşlər keçirilmiş, aparılan müzakirələr və təhlillər nəticəsində “Rafa Group” MMC ilə birgə fəaliyyətin təşkil olunması qərarlaşdırılmışdır.
Fabrikdə uşaq bezi avadanlıqlarının illik istehsal gücü yüz 77 milyon ədəd, salfet avadanlıqlarının illik istehsal gücü isə 4 yüz 28 milyon ədəd təşkil edir.
İtaliyanın bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunan məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunacaqdır.
Bundan əlavə, əsasən Almaniyadan təchiz olunmuş labaratoriya avadanlıqları məhsulların beynəlxalq standartlara uyğun test olunması və müasir metodlar ilə analizlərin aparılmasına imkan verəcəkdir.
Fabrikin tam şəkildə işə düşməsi nəticəsində 60 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur. Layihənin əhəmiyyəti ilə bağlı digər vacib məqam yerli kadr bazasının gücləndirilməsi, beynəlxalq standartların tələblərinə uyğun olan istehsal prosesinin daha geniş şəkildə öyrənilməsi, eləcə də gələcəkdə bu sahənin ölkəmizdə təkmilləşdirilməsi və inkişafıdır.
Qeyd olunmalıdır ki, ilkin mərhələdə məhsulların daxili bazarda bir çox satış nöqtələrində təmsil olunması nəzərdə tutulur, növbəti mərhələdə isə region dövlətlərinə ixracın təşkil edilməsi planlaşdırılır.