Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, emal sənayesində yanvar ayında 1053,1 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 4,8 faiz, qida məhsullarının istehsalında isə 3 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından duru bitki yağları 35,9 faiz, kolbasa məmulatları 24,9 faiz, kərə yağı istehsalı 2,4 faiz artıb. Marqarin istehsalı 6,3 faiz, qənd və şəkər tozunun istehsalı isə 85,7 faiz azalıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 39,3 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,9 dəfə, toxuculuq sənayesində 10,9 faiz artım, geyim istehsalında isə 10,3 faiz azalma müşahidə olunub.

Teqlər: