Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycanda “TURKOVAC” vaksinin sınaqları üçün ilkin olaraq 300
könüllünün seçilməsi nəzərdə tutulur. Könüllüləri seçərkən adətən
18-65 yaş arası, kəskin xəstəliyi olmayan, son dövrlərdə COVID-19-a
yolxumayan şəxslər seçilir.
Bu barədə
Trend-ə müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin icraçı
direktoru Asiman Həsənov deyib.
O qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə kifayət
qədər effektiv tədbirlər həyata keçirir. Dünyada mövcud olan 9
vaksin növünün artıq 4-ü Azərbaycana gətirilib.
“Bu gündən etibarən “TURKOVAC” vaksinindən könüllülər üzərində
buster doza formasında istifadə olunacaq.
Hazırda 1200 doza “TURKOVAC” vaksini gətirilib, lakin bu, o
demək deyil ki, bunlar 1200 insanda istifadə olunacaq. Sınaq
mərhələsi könüllü sayına uyğun olaraq aparlıcaq. Sadəcə, ehtiyac
üçün sözügedən miqdarda vaskin gətirilib. Bu, kliniki sınaqdır,
ümumi vaksinasiya tədbiri deyil. “TURKOVAC” vaksininin sınaqları
üçün ilkin olaraq 300 könüllü nəzərə tutulur və adətən 18-65 yaş
arası, kəskin xəstəliyi olmayan, son dövrlərdə koronavirusa
yoluxmayan şəxslər seçilir”, – deyə o bildirib.