Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan otellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bunun 80 faizi isə Bakının payına düşür. Yəni Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov yazıb.
Millət vəkili vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur:
“Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun inkişaf etdirilməsi, qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər.
Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.
Eyni zamanda, regionlarda çoxulduzlu otellərlə bərabər, 1 və 2 ulduzlu otellərin tikilməsi olduqca vacibdir. Belə otellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4 və 5 ulduzlu bahalı otellərin tikintisinə maraq göstərirlər. Bu isə az ulduzlu otellərin inşaatının sürətləndirilməsi üçün daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir”.
Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.