Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, yayılan məlumatlar doğru deyil:
“Bu, 2017-ci ildə verilən bir müsahibəndir və 2019-cu ilin qəbul modeli haqqında idi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, sanki test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.
Qeyd edək ki, ölkənin bəzi xəbər saytları Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2017-ci ildə “ASAN Radio”ya verdiyi müsahibədən çıxarışlar edərək, test imtahanlarının guya ləğv edilməsi haqda məlumat yayıblar.