Azərbaycanda taxıl sahələrinə qasırğanın vurduğu 400 min manatlıq ziyan ödəniləcək

Martın 5-də Qobustan rayonunda əsən güclü külək və yaranmış qum
fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük
zərər vurub.

Aqrar Sığorta Fondundan AzerTimes-a verilən məlumata görə, hadisə
rayondakı çoxsaylı fermer təsərrüfatlarını əhatə edib.

Qeyd edək ki, ölkənin bütün ərazilərində olduğu kimi, Qobustan
rayonunda da taxıl əkinlərini bir hissəsi Aqrar Sığorta Fondu
tərəfindən sığortalanıb. Aqrar sığorta əkin sahələrini çoxsaylı
risklərdən, o cümlədən təbii fəlakətlər, fırtına və qasırğa
risklərindən qoruyur.

Martın 5-də baş verən hadisə nəticəsində rayonun ərazisində –
Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilminli
kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 400
hektara yaxın sığortalanmış taxıl əkinləri sahəsi də qasırğadan
zərər görüb.

Əkin sahələri qalın qum qatı ilə örtülüb, burada əkilən bitkilər
ciddi surətdə zədələnib. Bəzi ərazilərdə baş verən qasırğa və güclü
külək nəticəsində taxıl bitkiləri kökündən çıxaraq məhv olub.

Yerli fermerlər hadisə nəticəsində əkin sahələrində məhsulun
qismən və ya tamamilə itirildiyini, böyük zərərə düşdüklərini
bildiriblər.

Hadisənin nəticələri ilə yerində tanış olmaq və sığorta
hadisəsini araşdırmaq məqsədilə martın 10-da Aqrar Sığorta Fondunun
rəhbərliyi, Fondun «Hadisələrin araşdırılması və tənzimlənməsi»
şöbəsinin əməkdaşları, eləcə də bitkiçilik üzrə müstəqil aqrar
sığorta ekspertləri Qobustan rayonunda olublar.

Rayonda sığorta hadisəsi baş verən əkin sahələrinə baxış
keçirilib, əkin sahələrini sığortalamış fermerlərlə görüş
keçirilib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov
bildirib ki, ümumilikdə Qobustan rayonunda 6400 hektar əkin sahəsi
sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib: «İlkin
müraciətlərə və məlumatlara əsasən, ümumilikdə 400 hektar əkin
sahəsi qasırğadan zərər çəkib. İlkin olaraq qiymətləndirmələrə görə
hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat
ətrafındadır. Baş verən hadisə qanunda nəzərdə tutulan prosedurlara
uyğun araşdırılacaq, fermerlərə dəyən zərər müəyyən ediləcək və ona
uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur».

ASF-nin rəhbəri fermerləri belə hallarda zərərlə üzləşməmək üçün
aqrar sığortadan faydalanmağa çağırıb: «Aqrar sığorta mexanizminin
əhatə etdiyi risklər sırasında qasırğa və fırtına da yer alır. Bu
halların fermerlərə necə böyük zərər vurduğu göz qabağındadır, onu
nəzərə alaraq fermerləri öz əkin sahələrini sığorta etməyə
çağırıram. Sığortanın faydası ona çəkilən xərcin məbləğindən
müqayisəedilməz dərəcədə böyükdür. Fermerlər böyük zəhmət hesabına
becərdikləri əkinlərin məhv olması nəticəsində zərərlə üzləşməmək
üçün dövlətin onlara yaratdığı bu imkandan faydalanmalıdırlar».

Fermerlər baş verən hadisə barədə Fond rəhbərliyinə məlumat
verib, Aqrar Sığorta Fondunun hadisəyə belə çevik reaksiyasından
məmnun qaldıqlarını bildiriblər. Hadisədən zərər çəkən, amma əkin
sahələrini sığorta etməyən fermerlər aqrar sığortadan istifadə
etmədiklərinə görə peşman olduqlarını bildiriblər.

Qarşıdakı günlərdə müstəqil aqrar sığorta ekspertləri tərəfindən
hadisədən zərər dəyən ərazilərdə araşdırma və zərərin
qiymətləndirilməsi işləri aparılacaq. İşlər başa çatdıqdan sonra
dəyən zərərlərin qarşılanması üçün qanunvericiliyə uyğun addımlar
atılacaq.

Teqlər: