Azərbaycanda startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəzin yaradılması nəzərdə tutulur – Orxan Məmmədov

Azərbaycanda startaplar üçün MDB məkanında ilk “Equipment
sharing” modeli əsasında fəaliyyət göstərəcək mərkəzin yaradılması
nəzərdə tutulur.

Trend-in
məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Rəqəmsal sahibkarlıq
və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, burada müxtəlif texnoloji avadanlıqlar,
serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə
veriləcək.

“Bundan əlavə yaradılması nəzərdə tutulan Model müəssisə
startup-ların mikro istehsal tirajlarını yerləşdirməyə və KOB-lara
ən səmərəli istehsal proseslərini sınaqdan keçirərək öz
müəssisələrində tətbiqinə şərait yaradacaq. KOB-lara rəqəmsal
həllərin daha da əlçatan edilməsi məqsədilə bulud texnologiyalar
əsasında bu cür həllər onların ortaq istifadəsinə təqdim ediləcək.
Gələcək illərdə KOB-ların xarici bazarlara çıxışına dəstək o
cümlədən xarici potensial investorlar hesabına mikrosahibkarlıq
subyektlərinin sayının artması üçün yeni məsafəli biznes qurma və
idarəetmə həlləri tətbiq ediləcək”, – O.Məmmədov deyib.

O əlavə edib ki, həmçinin əcnəbi proqramçıları və İT
mütəxəssisləri ölkəyə cəlb etmək və burada onlar üçün münbit
şəraitin yaradılması istiqamətində araşdırmaların aparılması
nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)