Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-iyul aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 67 716 manatı (92,2%) gecikdirilmiş əmək haqlarından, 3 701 manatı (5%) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi zərərə görə ödənclərdən ibarət olub. Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onların yenidən əvvəlki işlərinə bərpa edilmələri də təmin olunub.
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər arasında əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsinə dair norma və standartlar barədə məlumatlandırma işlərini də davam etdirib. Eyni zamanda, yanvar-iyul aylarında xidmətin xətti ilə ölkənin müxtəlif orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlər zamanı uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsasları və s. barədə uşaqlara ətraflı məlumatlar verilib.