Azərbaycanda sirli məbəd: Qızılı aparılıb, özü partladılıb – Foto

Azərbaycanda sirli məbəd: Qızılı aparılıb, özü partladılıb – Foto

Yeddi kilsə monastır kompleksi – Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksidir. “Ləkit” coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır.

AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat verib.

O bildirib ki, kompleksin təxmini yaşı bəlli deyil, memarlıq üslubuna görə III-IV-ci əsr abidələrinə bənzəyir, iddia edildiyi kimi, V, yaxud VII əsrə aid deyil:

“Quruluşuna baxanda burda xristian məbədi olsa da, tikilərin üzərində tenqriçilik və türk naxış sistemləri elementlərinə rast gəlmək olar. Çox heyf ki, dağıldığı üçün yazıları oxumaq olmur.

Memarlıq dili ilə desək, erkən monastır ansambıllarından biri hesab olunan bu abidələrin tərkibinə üçnefli və xaçvari-günbəzli məbədlər, həmçinin beş ədəd kiçik kilsə-sövmə daxildir.

Azərbaycanın dini memarlıq abidələri içərisində Yeddi Kilsə kompleksi özünün gözəl planlaşdırmasının yeganəliyinə görə fərqlənir. Kompleks tarixi Azərbaycan ərazisində – Qafqaz Albaniyasının ən qədim monastır kompleksərindən biridir.

Kompleksə ümumilkdə doqquz abidə daxildir ki, onlardan da yeddisi kilsələr və onlara bitişik olan rahiblərin və qonaqların yaşaması üçün binalar, zəng qülləsi, hündür keşikçi qülləsi və kompleksin təhlükəsizliyini təmin etmək məqsədilə çəkilmiş möhkəm qala divarlarıdır. Kompleksə daxil olan kilsələrdən yalnız baş kilsə bir qədər böyükdür və üç neflidir. Digər altı kilsə isə bir nefli kiçik kilsələrdir. Kilsə binalarının hamısı bazilika formasında inşa edilmişdir.

Əsas kilsə binası da daxil olmaqla, kompleksin bütün binaları çay, əhəng daşları və əhəng məhlulu qatışığı ilə inşa edilib. Kilsələrin hamısı binanın cənubunda və şimalında cüt yerləşdirilmiş ensiz və uzunsov pəncərələr vasitəsiylə işıqlandırılıb. Lakin sonrakı dövrdə naməlum səbəbdən bütün kilsələrin şimaldakı pəncərələri qapadılıb.

Demək olar ki, bu qədim məbədin yaxın analoqları Qum bazilikası, Ağoğlan monastırının əsas bazilikası və Xudavəng monastırdır.

Azərbaycanı ruslar işğal edəndən sonra burada qızıl axtaranlardan tutmuş arxeoloqllara qədər onlarla adam gəlib araşdırma edib. Qazıntıların ən mühüm nəticəsi isə böyük bir daş üzərində yazılmış kitabənin tapılması olub. Lakin bütün bu tapıntılar, kitabə də daxil olmaqla, tədqiqata və elmi dövriyyəyə cəlb edilməmiş müəmmalı şəkildə ölkədən çıxarılaraq aparılıb. Bu gün də həmin kitabədə nələrdən bəhs edilməsi və digər tapıntılar haqqında heç nə məlum deyil.

1989-cu ildə məbədlərə Bakıdan gələn xüsusi adamlar xeyli qızıl çıxardıb aparıblar. 90-cı illərdə isə burada Gürcüstandan gələn hərbçilər axtarış aparıb, xeyli əşyalar götürəndən sonra partladıb gediblər.

Yaşlı adamların dediyinə görə, bu abidə barədə qədim əfsanə var. Məbədlə bağlı əfsanəyə görə, monastır komleksində ibadət edən rahiblər vaxtilə Attilanın dörd nəvəsini romalılardan qoruyub saxlayıblar. Digər bir əfsanəyə görə isə Attilanın dörd nəvəsi ölümündən sonra kompleksin ərazisində dəfn edilib və kilsələr onların xatirəsini əbədiləşdirmək üçün inşa edilib. Lakin bu əfsanələrin həqiqət olduğunu təsdiqləyən heç bir yazılı mənbə yoxdur”.

Alim qeyd edib ki, bu dairəvi məbədin yaxınlığında erkən orta əsrlərə aid olan hamam kompleksi bütöv bir şəhər memarlığı görünməkdədir:

“Hektarlarla olan ərazidə sanki qədim Romaya, Afinaya girdiyimiz tağlı qapılarla müşayət olunan nəhəng giriş qapısı, qala divarları görünməkdədir.

Sürətlə dağılmağa başlayan məbəd hazırda qəzalı vəziyyətdədir. Qax İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və ona daxil olan qurumlar bu yeri görməzdən gəlirlər. Halbuki buranı bərpa edib, dünyanın müxtəlif ölkələrindən minlərlə turist gətirə bilərik. Eyni zamanda dünyaya burda qədim bir xalq olan azərbaycanlıların mədəniyyətinin necə möhtəşəm olmasını sübut edə bilərik. Bu təkcə Qaxın, Azərbaycanın, Qafqazın deyil, bütün dünya xalqlarının mədəni irsidir ki, biz onu dünyaya qaytarmalıyıq, dünyaya yenidən təqdim etməliyik”.

Teqlər: