Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan üçtərəfli razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirib və bütün hərbi əsirləri Ermənistana qaytarıb.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransına deyib.
C.Bayramov bildirib ki, hazırda Azərbaycanda saxlanılan ermənilər hərbi əsir hesab edilmirlər:
“Hərbi əsirlərin dəyişdirilməsi barədə məsələyə bir daha münasibət bildirmək istərdim. Azərbaycan tərəfinin bununla bağlı mövqeyi var, üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirlər qarşı tərəfə təhvil verilib. Hətta Azərbaycan tərəfindən Ermənistana təhvil verilən əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından qat-qat çoxdur.
Hazırda mövcud ola məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, həmin ermənilər hərbi əsirlər hesab olunmur. Bu insanlar hərbi əməliyyatlar başa çatdıqdan sonra, 26 noyabrda Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq göndərilən hərbçilərdir ki, onlar cinayət törədib, həm mülki vətəndaşları, həm də hərbçilərimizi qətlə yetiriblər. Həmin insanlarla bağlı Azərbaycan qanunvericiliyinə uyğun istintaq tədbirləri aparılır.
Gələcəkdə belə hallara yol verməmək üçün üçtərəfli bəyanata əməl etmək vacibdir”.