2 aprel, 2020-ci il, Bakı – “ASG Helikopter Services” aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti “Mi-8AMT” tipli helikopterin əsaslı təmirini başa çatdırdı.
“ASG Helicopter Services” şirkətinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilmişdir. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunmuşdur.
2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilmişdir.
Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri, ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanmışdır.
Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə “ASG Helicopter Services” şirkəti tərəfindən tam maliyyələşdirilməklə “Mİ” tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilmişdir. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi, Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcəkdir. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcəkdir. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.