4 may 2021-ci il tarixində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinator olduğu “Azərbaycanda Rektorlar Konfransı” layihəsinin onlayn formatda təqdimat mərasimi keçirilib.
Açılış tədbirində Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də digər nüfuzlu mötəbər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov bütün iştirakçıları salamlayaraq layihə haqqında qısa məlumat verib. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Heç şübhəsiz ki, layihənin uğurla icrası Azərbaycan ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinə sanballı dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq. Rektor onu da əlavə edib ki, layihə yerli universitetlərlə Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirəcək. Növbəti mərhələlərdə Azərbaycan Universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmağa şans əldə edəcək. Eyni zamanda konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.
Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyindən bəhs edib. Nazir müavini Bakı Biznes Universitetinin koordinator olduğu sözügedən layihənin qarşıya qoyulmuş hədəflər və layihənin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və ali təhsil sisteminin inkişafına töhfələr verəcəyini söyləyib.
Layihənin koordinatoru Gülşən Bayramova isə 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz təbriklərini çatdırıb. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya Rektorlar Konfransının nümayəndələri də Rektorlar Konfransına dair faydalı fikirlərini və Avropa təcrübələrini bölüşüblər.
Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə edildiyi müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruri olduğunu və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Yekunda rektor tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və layihənin müvəffəqiyyətlə həyata keçirilməsində iştirakçılara uğurlar arzulayıb.