Azərbaycanda regionların inkişafına böyük diqqət yetirilir – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarında səfərdə olublar. Səfər çərçivəsində İsmayıllıda və Şamaxıda bir sıra obyektlərin açılışları oldu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı və İsmayıllıda yerli sakinlərlə görüşdülər.

Milli Məclisin deputatı Sevinc Hüseynova AzerTimes-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin İsmayıllı və Şamaxı rayonlarına səfəri və səfər zamanı bir sıra social obyektlərinin açılışlarında iştirak etməsi və ictimaiyyət nümayəndələri ilə görüşməsi dövlət başçısının ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlamasını, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsini bir daha aydın şəkildə göstərir.

Deputat bildirib ki, Prezident İlham Əliyev daim regionların inkişafınma böyük diqqət yetirib: “Prezident İlham Əliyevin Fərmanı ilə 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. İndiyə qədər bu proqramlar uğurla icra edilib və regionlarda insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadi potensialın yüksəlməsinə imkan verib:

“Onilliklər onu göstərir ki, ölkə Prezidentinin seçdiyi bu iqtisadi inkişaf modeli ən effektiv modeldir. Bu model ötən illər ərzində çətin sınaqlardan uğurla keçdi. Bütün bəşəriyyəti bürüyən koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadalıq işlərinin aparılmasına və bu istiqamətdə böyük vəsaitlərin sərf olunmasına baxmayaraq, Azərbaycanın bütün regionlarda iqtisadi inkişaf davamlı olaraq təmin edilir və ölkəmizdə nəzərdə tutulmuş hər hansı bir infrastruktur layihəsi və ya sosial layihə ixtisara salınmır, ardıcıl şəkildə həyata keçirilir”.

Deputat qeyd edib ki, ölkə prezidentinin İsmayıllıya səfəri zamanı Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olması, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etməsi, o cümlədən Çarhan kənd tam orta məktəbinin yeni binasının, Şamaxı şəhər stadionunun, Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışlarında iştirak etməsi bir daha regionlarda bütün istiqamətlər üzrə inkişafın təmin edilməsinə diqqət yetirilir.

Milli Məclisin deputatı Elşən Musayev isə AzerTimes-a açıqlamasında bildirib ki, bu gün bütün regionlar dövlətin diqqət mərkəzindədir:

“Bütün şəhərlər və rayonlar inkişaf edir və heç bir bölgə həmin diqqətdən kənarda qalmır. Cənab Prezidentin bölgələrə, konkret olaraq Şamaxıya son səfəri zamanı gördüyümüz, seyr etdiyimiz mənzərə də bunu deməyə əsas verir ki, Azərbaycanımızın hər qarışında quruculuq, abadlıq işləri gedir, əhalinin sosial vəziyyyətinin daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, ölkənin bütünlükdə rifahı üçün dövlət əlindən gələni edir.

Əslində bu bir strategiyadır. Möhtərəm Prezidentimiz də bütün çıxışlarında məlum fikri xüsusi vurğu ilə qeyd edib ki, Azərbaycanın hər bölgəsi, hər guşəsi bizim üçün əzizdir və ilbəil inkişaf edəcək. Deyilən fikirlərin nəticəsi isə göz qabağındadır. Ortada real inkişaf var. Haqqında danışılan quruculuq işləri çox böyük sürətlə həyata keçirilir. Düzdür, yəqin hamı razılaşar ki, hazırda əsas prioritet Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləridir, amma bununla belə digər bölgələr də qətiyyən diqqətdən kənar qalmır”.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycançılıq ideyası, ölkənin inkişaf strategiyası və ümumilikdə məqsədyönlü siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Əslində Heydər Əliyevin ən böyük arzusu və görmək istədiyi Azərbaycan da məhz bu günki Azərbaycan idi. Biz indi bütövük. Biz artıq əzəli torpaqlarımızı Ali Baş Komandan və rəşadətli ordumuzun sayəsində işğaldan azad etmişik. Biz indi Zəfər Bayramını qeyd etməyə hazırlaşırıq. Həqiqətən gözəl hisslərdir. Azərbaycanın uğurlarını, qələbələrini, günü-gündən yüksəlişini, inkişafını görmək həqiqətən qürurvericidir”.

Teqlər: