Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində monitorinq aparıblar. Astara rayonunun Alaşa kəndi ərazisində yeni aşkar olunan abidədə, Əli şah qalasında tədqiqatların aparılması qərara alınıb.
AzerTimes xəbər verir ki, monitorinq Yardımlı, Astara, Lerik, eləcə də bölgənin digər rayonlarında aparılıb. Aşkar olunan qoç daşlar və insan başı formalı məzar daşlarına baxış keçirilib. Baxış zamanı məlum olub ki, tapıntılar XV- XVII əsrlərə, Ağqoyunlu və Səfəvilər dövlətləri dövrünə təsadüf edir. Sonra monitorinq qrupu yeni aşkar olunmuş abidələrindən biri, Astara rayonu Alaşa kəndində yerləşən, orta əsrlərə aid hesab olan Əlişah qalasına baxış keçiriblər. Kəndin və qalanın adlandırılması Əli şah adlı hökmdarla bağlıdır. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib. Abidənin divarları bişmiş kərpiclərlə hörülüb. Bundan əlavə rayon ərazisində Ərçivan kəndi ərazisində olan daş qutu qəbirlər aşkar edilib.
Qrup üzvü Baloğlan Xudadadov deyib:
“Bu qalanın tapılması təsadüf nəticəsində baş verib. Deməli, burda Astara – Bakı çəkilişi üçün yol üçün xammal aparılmalı imiş. Həmin xammalı götürəndə bu qala da həmin siyahıya düşüb. Kənd ziyalılarının qarışması nəticəsində bizi xəbərdar etdilər, biz də gəldik. Və bunun haqqında da müəyyən memarlıq institutuna, arxeologiya institutuna da müraciət elədik. Bizim müraciətimizi nəzərə alaraq Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bir yerdə burda monitorinq keçirtdik. Həmin qalanın ümumi üst hissəsi də torpaqla çökülmüş üst hissəsi və dağılmış hissələrdən ətrafla tanış olduq. Həmin mütəxəssislər belə qənaətə gəldilər ki, buranın həm strateji əhəmiyyəti var, həm də ki, buranın müəyyən qazıntı işləri arxeoloji işlərin aparılması lazımdır”.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarif üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev:
“El arasında həmçinin bu qalaya “Divəkə” qalası da deyilir. Qeyd edək ki, div qalasıdır. Bura əslində belə baxış keçiriləndə strateji baxımdan əlverişli bir yerdə tikilib. Hal – hazırda biz İranla sərhəddəyik gördüyünüz kimi və buradan ətrafı və şimal tərəfi də müşahidə etmək olur. Çünki dənizə hər hansı bir hücum olarsa bu gözətçi məntəqəsinə burdan aydın görsənir. Qalanın ətrafı yaxşı sal daşları üzərində tikilmiş divarlarla qorunur, mühafizə olunur”.
Qalada otaqlar mövcuddur ki, otaqların bir qismi zindan xarakteri daşıyıb. Otaqlar arasında keçid olub. Müəyyən mənbələrdə qeyd olunur ki, 1990-cı illərdə Sovet Ordusu hərbiçiləri müntəzəm olaraq təlimlər keçiriblər. Qala, təlim vaxtı dağıntılara məruz qalınıb. Monitorinq qrupunun üzvləri, yaxın vaxtlarda qalada geniş bir tədqiqat işlərinə başlamağı nəzərdə tutublar.
Baş mütəxəssis Nadirə Dadaşova: “Rayonumuzda dövlət qeydiyyatında 81 tarixi abidə mövcuddur. Bu abidələr sırasında kurqanlar, qədim yaşayış evləri, memarlıq abidələri, məscidlər, yaşayış evləri, ləmlər, yay istirahət evləri mövcuddur. Bu tarixi abidələrimiz rayonumuzda baş mütəxəssislər. Abidə mühafizəçiləri tərəfindən qorunub saxlanılır”.
Qeyd edək ki, elmi ezamiyyətin əsas məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin əməkdaşları ilə birgə, yeni qeydə alınmış abidələrə baxış, abidələrin hazırda olan vəziyyətinin yoxlanılması, həmçinin dövrlərinin və GPRS koordinatlarının təyin edilməsi olub.