Azərbaycanda qadınların əhali arasında faiz nisbəti açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,0 faizini
qadınlar təşkil edib, ötən ildə doğulmuş 112,3 min körpədən 46,4
faizi qız uşaqları olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, ölkənin ümumi təhsil
müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil
müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi,
həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil
müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili
müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri
tələbələrinin isə 49,3 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi
işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan
elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə
doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si,
müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal
iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi
çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət
qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz,
fərdi sahibkarlar arasında isə 21,4 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı
ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini
qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi
çəkisi 18,5 faizə çatmışdır.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin
idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının
ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi
sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu
halda, 2021-ci ildə 10,5 faizədək artmışdır.

Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən
daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir.
Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların
reproduktiv sağlamlığının keşiyində durur.

Teqlər: