17 May 2022-cİ il tarixdə saat 11:00-da Hyatt Regency
mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan
nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidmətinin birgə təşkilatçılığı ilə BMqT İnkişaf Fondunun maliyyə
dəstəyi ilə həyata keçirilən “Azərbaycanda pul köçürmələrinin
sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi
Qrupunun ilk görüşü keçiriləcək. Bu tədbirlə adıçəkilən layihənin
startı veriləcək.
Trend xəbər verir ki, görüşün açılış mərasimində BMqT-nin
Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət
Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş
idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edəcəklər.
Hibrid formatda keçiriləcək tədbirdə müxtəlif dövlət qurumları,
beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları,
ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət
təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirakı gözlənilir.
Nümayəndələr pul köçürmələri üzrə qiymətləndirlmənin aparılması, bu
prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ
rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol
xəritəsinin hazırlanması və belə bir tətbiq sisteminin sınaqdan
keçirilməsi də daxil olmaqla layihə çərçivəsində nəzərdə tutulan
tədbirlər barədə məlumatlandırılacaqlar. Tədbir iştirakçıları,
həmçinin miqrasiya və pul köçürmələri ilə əlaqədar məsələlər üzrə
fikir mübadiləsi aparacaq və layihənin məqsədlərinə çatmaq üçün
tərəflər arasında əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin
gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanlı miqrantların
və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri
zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə
inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını
artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə
verməkdir.