Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan banklarında problemli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz (161,2 milyon manat) azalaraq 904,2 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.
Bank sektorunun və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfeli 6,3 faiz artaraq 15,61 milyard manat təşkil edib.
Verilmiş kreditlərdə dövlət banklarının payı 2,9 milyard manat (ümumi portfelin 18,6 faizi), özəl bankların payı 12,307 milyard manat (78,9 faiz), bank olmayan kredit təşkilatları (BOKT) isə 401,2 milyon manat (2,6 faiz) olub.
Hesabat dövründə milli valyutada verilən kreditlərin həcmi 11,43 milyard manat (13,8 faiz artım), bankların kredit portfelindəki payı isə 73,2 faiz təşkil edib. Eyni zamanda xarici valyutada verilən kreditlərin həcmi manat ekvivalentində 4,18 milyard manat (9,9 faiz azalma), kredit portfelindəki payı isə 26,8 faiz təşkil edib.
Qısamüddətli kreditlərin həcmi milli valyutada 2,015 milyard manat, xarici valyutada isə 763,1 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi isə müvafiq olaraq 9,4 milyard və 3,42 milyard manat təşkil edib.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)