Azərbaycanda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin birinci yarımilində 4.600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb, onlardan 2.100-ü azadlığın məhdudlaşdırılması, 450-dan çoxu nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, 425-i cərimə, 500-ə yaxın islah və ictimai işlər, habelə digər cəzalara məhkum edilmiş şəxslər olub. Hesabat dövründə cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

AzerTimes xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib.

Bildirilib ki, 3.300-dən çox şəxs isə cari ildə cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb, cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəza çəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək 2021-ci ildə həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2.900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1.070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4.000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb. Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.

Teqlər: