Azərbaycanda “Pfizer” vaksinin istifadəsinə başlandı

Xəbər - Samir Əli – Trend:

Bu gündən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə “Pfizer” vaksinin istifadəsinə başlanılıb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılıb.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Teqlər: