Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb

2021-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi
2020-ci illə müqayisədə real ifadədə 3,2 faiz artaraq 44,2 milyard
manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan
Mərkəzi Bankının “2021-ci il üzrə pul siyasəti icmalında
deyilir.

Qeyd olunur ki, ticarət dövriyyəsinin komponentləri arasında
qeyri-ərzaq məhsulları üzrə dövriyyə daha sürətlə artaraq
pandemiyadan öncəki səviyyəyə çatıb.

Hesabata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə pərakəndə əmtəə dövriyyəsi 2,5 faiz qeyri-ərzaq məhsulları
üzrə dövriyyə isə 3,9 faiz artıb.


“İl ərzində istehlakçıların pərakəndə ticarət şəbəkələrində
xərclədiyi vəsaitin əsas hissəsi, yəni 54,3 faizi hər zaman olduğu
kimi qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına
sərf olunub. Bu istiqamət üzrə xərclər ötən illə müqayisədə 2,5
faiz artıb. Toxuculuq, geyim və ayaqqabı sahəsinə sərf olunan
xərclər 2 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf
olunan xərclər 24,8 faiz, yanacağa sərf olunan xərclər 3,9 faiz,
digər qeyri-ərzaq malları sahəsinə sərf olunan xərclər isə 3 faiz
artıb”, – deyə hesabatda qeyd olunur.

2021-ci ildə hər bir istehlakçı pərakəndə ticarət
müəssisələrində orta hesabla ayda 367,8 manat və ya 2020-ci il ilə
müqayisədə nominal ifadədə 32,2 manat çox vəsait xərcləyib. Bunun
da 200 manatı qida məhsulları, içkilər və tütün məmulatlarının,
167,8 manatı isə qeyri-ərzaq mallarının alınması üçün sərf
edilib.

Teqlər: