Azərbaycanda pensiya yaşı artırıla bilər – Rəsmi

Azərbaycanda pensiya yaşı artırıla bilər – Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı məsələyə bir daha aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı nazirliyin Trend-ə açıqlamasında pensiya yaşının azaldılması deyil, artırılmasının gündəmdə olduğu aydınlaşır.

“Hazırda dünyanın bir çox ölkəsində pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur (yaşa görə 68,5% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır).

Bu baxımdan qeyd etməliyik ki, indiki mərhələdə ölkəmizdə kişilər və qadınlar üzrə pensiya yaşının azaldılması məsələsi müzakirə edilmir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır):

“Pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir”.

Teqlər: