Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir.

AzerTimes-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə olan maddələr təkmilləşdirilir.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək.

Hazırda Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.

Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.

Hazırda Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.

O cümlədən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə də artırılır. Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: