Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci ildə Azərbaycanda qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz çoxdur.
AzerTimes-ın məlumatına görə, cinayət hadisələrinin 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,0 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.