Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.
AzerTimes-ın məlumatına görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu il ilk dəfədir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.