Bu gün (22 iyul) ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur.
Azərbaycan mətbuatı deyəndə ilk növbədə yada düşən Həsən bəy Zərdabi olur. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə ala bilir. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxır. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurur və 1875-1877-ci illər ərzində fəaliyyət göstərir. Qəzetin 56 nömrəsi işıq üzü görür.
“Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etdiyindən, iki il sonra qəzet öz nəşrini dayandırır.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880),”Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlyib. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırlar və bu gərgin mübarizə öz nəticəsini verir. Belə ki, “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxır.
“Əkinçi”nin yaranmasından, milli mətbuatımızın əsasının qoyulmasından artıq 142 il keçir. Bu 142 yaşlı mətbuatın 70 ili kommunist diktaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı. Müstəqillik illərindən sonra mətbuatda çiçəklənmə dövrü başladı və onlarla yeni mətbu orqan fəaliyyətə başladı. İndi Azərbaycan mətbuatı həm televiziya və radio, həm onlayn KİV, eyni zamanda da çap nəşrləri ilə öz sözünü deyir.