Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda baş verən meşə yanğınlarının 95 faizi insanların ehtiyatsız davranışı ilə bağlıdır.
Bunu AzerTimes-a ekoloq Fikrət Cəfərov deyib.
F.Cəfərov bildirib ki, ümumiyyətlə əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil:
“Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir.
Bilirsiniz ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bu zaman isə kabab bişirməyə üstünlük verirlər. Mən özüm dəfələrlə təbiətdə kabab bişirən insanlarla rastlaşmışam və onlara izah etmişəm ki, kabab bişirdikdən sonra ocağı tamamilə söndürmək lazımdır.
Çox zaman insanlar közü sadəcə torpaqla örtürlər, ancaq kömür qalır və sonradan yanğına səbəb olur. Ümumiyyətlə Azərbaycanda yanğınların 95 faizi birbaşa insan davranışı ilə bağlıdır”.
Yanğınların qəsdən törədilməsi ilə bağlı fikirlərə münasibət bildirən ekoloq deyib ki, bu, həqiqətə uyğun deyil:
“Son günlərdə baş verən yanğınları təhlil edərkən qəsdən törədilmə ilə bağlı heç bir əsas yoxdur, çünki yanğınlar yaşayış yerlərindən uzaqda, əsasən insanların istirahət üçün getdiyi ərazilərdə baş verir ki, bu da ehtiyatsız davranışdan irəli gəlir”.
Twitter: @ElchinMehdiyev