Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib.

AzerTimes-ın məlumatına görə, forumda 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.

Könüllülər tədbirdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə açılıb. 20 təşkilatın fərdi stendlərində müxtəlif sahələrdə Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumatlar nümayiş olunub. Sərgi ərazisində könüllülər üçün əyləncəli və intellektual oyunlar keçirilib, könüllülərin təşəbbüsü ilə kiçik fleşmoblar təşkil olunub.

Tədbirin açılışında dövlət himni oxunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ötən ay ilk ildönümünü qeyd etdiyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədə könüllülər və ümumilikdə gənclərin mühüm rol oynadığı, ön cəbhədə döyüşməklə yanaşı, informasiya savaşında düşmən yalanlarının ifşa edilməsində və arxa cəbhədə müharibədən zərər çəkənlərə qayğı göstərilməsində fəal iştirak etdikləri vurğulanıb.


Tədbirdə 20-dən çox könüllü təşkilatı və hərəkatını birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyəti barədə hesabat təqdim edilib. Qeyd olunub ki, 2021-ci ildə AKTİ çərçivəsində ümumilikdə 300-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 64 şəhər və rayonunu əhatə edib. Həmçinin, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar nümayiş olunub.

Forum münasibətilə Azərbaycan könüllülərini təbrik edən BMT-nin Könüllülər Təşkilatının icraçı koordinatoru Toyli Kurbanov bu fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov könüllülərin il ərzində fəaliyyəti və onlara dövlət dəstəyi mexanizmlərindən danışıblar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi olduğu qeyd edilib. Bildirilib ki, dövlət başçısının bununla bağlı tövsiyəsi əsasında əksər dövlət qurumları yanında könüllü hərəkatları yaradılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il ölkəmizdə Könüllülər ili elan edilib. Son 3 ildə ölkədəki könüllü təşkilatlarının sayı və əhatə dairəsi dəfələrlə artıb və bu proses hazırda da davam etməkdədir.

Tədbirin gedişində il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

Forumun sonunda xatirə fotosu çəkilib və könüllülərin Ümummilli lider Heydər Əliyevin irsi ilə tanışlığı məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Teqlər: