Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var. Bu, illərdir ki, müzakirə olunan bir məsələdir.
Bunu AzerTimes-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, avtomobil parkının yenilənməsinin bir sıra istiqamətlər üzrə faydası ola bilər:
“Bunlardan ən vacibi və ən əsası ondan ibarətdir ki, ilk növbədə qəza hallarının və ölüm saylarının azalmasına müsbət təsir göstərəcək. Çünki köhnə və istismara yararsız avtonəqliyyat vasitələri ilə baş verən qəzalar nəticəsində ölüm hallarının sayı xeyli dərəcədə artır.
Bundan baqa sözsüz ki, ekoloji baxımdan, ekologiyaya zəhərli maddələrin və qazların buraxılması baxımından da avtomobil parkının yenilənməsi vacib məsələdir. Çünki avtonəqliyyat vasitəsi işlədikcə, onun yararlılıq müddəti azaldıqca təbii ki, ortaya ekoloji problemlər çıxır. Bu ekoloji problemlərdən qaçmağın yollarından biri də təbii ki, utilizasiyadır”.
R.Osmanlı hesab edir ki, utilizasiyadan sonra vacib olan məsələlərdən biri də elektromobillərin ölkəyə gətirilməsi ilə bağlı müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir:
“Bütün bu məsələlər kompleks şəkildə olmalıdır. Azərbaycanın avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var”.