Azərbaycanda keçirilən beynəlxalq imtahanların nəticələri bəzi
hallarda tanınmır. Bu daha çox SAT (Scholastic Aptitude Test, yəni
akademik qabiliyyət imtahanı) imtahanlarında müşahidə edilir.
Bu barədə Trend-in suallarını cavablandıran Təhsil
Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim,
Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar
Orucov bildirib ki, bu problem təkcə Azərbaycanda qeydə
alınmır:
“Məsələn, Türkiyə Respublikasında SAT imtahanlarının nəticələri
bir neçə dəfə ləğv olunub. Adətən, imtahanların nəticələri ilə
bağlı hər hansı bir şübhə olduqda belə qərarlar verilir.
Beynəlxalq imtahanların keçirilmə yeri, şərait, bütün şərtlər
beynəlxalq standartlar çərçivəsində tənzimlənir. Lakin bir çox
hallarda şübhəli məqamlar olur. Bu da daha çox SAT imtahanı
keçirilərkən ölkələr arasındakı saat fərqi ilə bağlı yaranır. Bunu
əsas götürərək iddia edirlər ki, imtahan ola bilsin bir ölkədə daha
erkən keçirilib və suallar hansısa iştirakçı tərəfindən başqa
birinə və ya ölkəyə ötürülüb”, – deyə o qeyd edib.
İ.Orucov bildirib ki, nəticələrin ləğvindən ehtiyat edən bəzi
şəxslər imtahanı Gürcüstanda verməyi üstün tuturlar:
“Lakin bir daha bildirirəm ki, bu kimi problemlər yalnız imtahan
nəticələrinə şübhə yarandıqda baş verir və nadir hallarda olur. Bu
səbəbdən bütövlükdə Azərbaycanda verilən beynəlxalq imtahanlar
xaricdə tanınmır, desək, düzgün olmaz”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq imtahanlar aidiyyəti üzrə
müxtəlif qurumlar və səfirliklər tərəfindən beynəlxalq normalara
uyğun qaydada keçirilir.