Bu gün alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.
AzerTimes-ın Konkret.az-a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirir ki, hazırda itkin düşən alimlərə doğru axtarış heyəti hərəkət edir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Şahdağ” Milli Parkının üç əməkdaşı və ərazini tanıyan bələdçilərlə FHN-in əməkdaşları koordinasiyalı şəkildə alimlərin təxliyyəsini həyata keçirmək üçün səfərbər olunub. Bu gün Elnur Nəciyevin özü 112 qaynar xətti ilə əlaqə saxlayıb. Sadəcə dağlıq ərazi olduğuna görə şəbəkə tez-tez itir və ola bilər ki, telefonunun batareyası qurtardığına görə günorta saatlarından bəri onlarla əlaqə kəsilib. Amma əsas odur ki, alimlər sağ-salamatdır”.
Məsələ ilə bağlı ETSN-in Daxili nəzarət şöbəsinin rəisi Cəlair Səmədov isə bildirib ki, İxtisaslı əməkdaşlar həmin koordinat üzrə hərəkətə başlayıb. Yəni alimlərin təxliyyəsi istiqamətində proses gedir.
Qeyd edək ki, itkin düşən alimlər sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə onlarla əlaqə kəsilib.
Xatırladaq ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.