2021-ci ilin yanvar-sentyabr aylarında istehlak xərclərində artım qeydə alınıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə bazarda satılmış əmtəə və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3.3% artaraq 36.4 mlrd. manat olub.
Məlumatda qeyd olunur ki, yanvar-sentyabr aylarında bir istehlakçı orta hesabla ayda 403.7 manat və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8.1% çox vəsait xərcləyib.
“Pandemiya ilə əlaqədar tətbiq olunmuş təcrid tədbirlərinin yumşaldılması, peyvənd olunan əhalinin sayının sürətli artımı, kütləvi tədbirlərə icazələrin verilməsi və s. istehlak tələbinin bərpasını dəstəkləyən əsas amillər olub. Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 30.4 mlrd. manat olub. Ticarət dövriyyəsinin komponentləri arasında qeyri-ərzaq məhsulları üzrə dövriyyə daha sürətlə artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsi 2.4%, qeyri- ərzaq məhsulları üzrə dövriyyə isə 3.3% artıb” – deyə məlumatda bildirilir.