Azərbaycanda İslam din xadimləri bu hallarda vəzifədən azad ediləcək

Azərbaycanda İslam din xadimlərinin vəzifədən azad edilməsi
qaydası müəyyənləşib.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi tərəfindən təsdiq edilən “İslam dininə aid ibadət
yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması,
attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda əksini
tapıb.

Qaydalara əsasən, Din xadimi aşağıdakı əsaslar olduqda Komitə
sədrinin əmri ilə tutduğu vəzifədən azad edilir:

– öz arzusu ilə;

– attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə
attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə;

– Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya
Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə
köçdükdə;

– əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə
tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə
bilmədikdə;

– cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair
qanuni qüvvəyə minmiş qərarı olduqda;

– vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş
hesab edildikdə və ya ölmüş elan edildikdə;

– dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda;

– fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik,
məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə;

– fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə,
habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə;

– xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı
olmayan şəxslərdən hər hansı formada yardım aldıqda;

– xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı
olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda.

Din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən
inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə
bilər.

Teqlər: