Azərbaycanda işçilərinə ən çox yanan qurum…

Azərbaycanda işçilərinə ən çox yanan qurum…

Ziya Bünyadov prospektindəki yeraltı yol ötürücülərinin divarlarının yuyulması prosesi gedir – bir-iki ay olar.

Allahçünə, qap-qaradır divarlar, 10 ildir körpülər, yol ötürücüləri tikilib, divarları his-pas tutub, bu müddətdə divarlara əl gəzdirmək yada düşməyib. COP29 məsələsi ortaya çıxanda ayılıblar ki, körpülərdə maşınlardan çıxan tüstünün qap-qara etdiyi divarlar “yaşıl enerji-zad” məsələsinə uyğun gəlmir, bunu uyğunlaşdırmaq gərəkdir.

Divarların üzü elə qaralıb ki, ağarmır – fəhlələr çox əziyyət çəkir, hər gün onlara şahid olan şəxs kimi deyirəm. Çünki hər gün səhər və axşam pik saatlarda onların yanından addım-addım keçirik və görürük necə cani-dillə divarı ağartmağa çalışırlar. Sürtürlər-sürtürlər, bəzən alınmayan hissələr də olur və o hissələri yarıhisdə qoyub irəliləyirlər.

Yeri gəlmişkən, bir neçə dəfə yeraktı yol ötürücülərinin divarlarının niyə pik saatlarda yuyulduğunu AAYDA-ya sormuşuq, hər dəfəsində cavab almışıq ki, pik saatlarda olmur. Bizsə hər gün ordan keçəndə fotolar, videolar çəkirik – indi bilmirik, gözümüzə, fotomuza, videomuza inanaq, yoxsa mollanın andına!

Əslində AAYDA çox humanist, mütəqəlqəl, cahanşümal, işçipərvər addım atır, sadəcə, o qədər təvazökar, o qədər sadədir ki, utandığından, bu barədə danışmaq istəmir. Çünki “yol-hərəkət iştirakçıları” (ölürəm də bu cür qəşəng ibarələrdən ötrü) inadla deyirlər ki, niyə insanlar işə gələndə və gedəndə – pik saatlarda yuyulma işləri aparılır? Olmazmı ki, şənbə-bazar, bayram günlərində olsun?

Olmaz, ay insanlar – ya da “yol-hərəkət iştirakçıları”, olmaz!

Öz rahatlığınız üçün AAYDA kimi işçilərinin qayğısına qalan bir şirkəti zora soxmağa çalışırsınız. Məsələ bundadır ki, AAYDA – bayaq ərz etdiyimiz kimi – dəhşətli dərəcədə pərvər olduğuna görə işçilərini istirahət günlərində, bayramlarda işlədib, onların beynəlxalq insan hüquqularını, işçi haqlarını ayaqlarının altına salıb, xəşil etmək istəmir. Ona görə də yalnız iş günlərində, səhər saat 08:00-dan başlayır işçilərini işlətməyə, saat 10-11-də isə nə olur?

İsti düşür, gün qalxır. O saatdan sonra işçilərini açıq havada işlətmək BMT TŞ-nin Qəzza qətnaməsini pozmaq və yaxud diplomatların toxunulmazlığı haqqında 1961-ci il Vyana Konvensiyasını əksinə getmək, yəni təxminən İsrailin İran konsulluğunun təpəsinə F-35-dən 5 raket endirmək kimi bir şeydir. AAYDA bunu edərmi?

Əlbəttə etməz! Ona görə də bir də gün dönəndə – yəni saat 16-dan sonra işçilər qayıdır divarları ağartmağa: iri qabaritli su maşınları ilə yolu kəsir, kranları qaldırır…

Ədalətsizliyə bax ki, insanlar da sanki AAYDA-nın hərəkət sxemini izləyirlər: səhər AAYDA-çılar işə başlayan kimi insanlar da evdən çıxıb işə gəlir, axşam da eyni qaydada. Nəticədə böyük bir tıxac yaranır, insanlar yolda qalır və əlbəttə ki, bunun günahı da işə tələsənlərdədir.

AAYDA-nı dəstəkləyir, işçilərinin qədir-qiymətini bu qədər yüksək səviyyədə bildiyinə görə ona öz sayğımı bildirir, bu qurumu ölkədə işçi haqlarının ən qatı, ən radikal, ən amansız müdafiəçisi elan edirəm, belə davam etməyini arzulayıram. İnanıram ki, COP-29 başlayana – yəni noyabra qədər AAYDA məhz bu strateji-humanist xətti tutacaq.

Teqlər: