Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Kredit limiti 80 -100 milyon manat artırılıb. Bu dövlət büdcəsindən bu il ayrılan vəsaitdir. Əlavə ipoteka üçün fondun daxili imkanlarından da vəsait cəlb edilir. Ötən il bu vəsait 300 mln manat olub və 4500 dən yuxarı mənzil ipoteka yolu ilə satılıb. Bu il məbləğin artırılması bir neçə məsələyə müsbət təsir edəcək.
Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
“İpoteka Fondunun kredit limitin artırması əmlak bazarında müəyyən canlanma yaradacaq. İkinci növbədə isə daha çox insanların bundan istifadə imkanlarını artıracaq yəni əlçatanlılığa təsir edəcək. Üçüncüsü isə cari ildə əmlak bazarında qiymətlərin artımı gözlənilir və limitin artırılması bunu da kompensasiya edə bilər. Belə ki, əmlak almaq üçün daha çox vəsait tələb olunacaq. Amma ümumilikdə bu proses iqtisadiyyata müsbət təsir edəcək. Həm gənc və mənzili nəğd ala bilməyən ailələrin mənzil probleminin həlli, həmçinin əmlak bazarında canlanma yaradacaq. Bu da ki iqtisadiyyatda əlavə dəyərin yaradılması və yeni iş yerlərinin açılmasına, inşaaat sektorunun inkişafına mühüm təsir edəcək” – deyə ekspert bildirib.
E.Kərimli qeyd edib ki, ötən il təxminən 29 000 gənc ailə qurub. İpoteka Fondu bildirir ki, 4500 mənzilin 70% gənc ailələr tərəfindən əldə edilib ki, bu da 3000 mənzil edir. Bu da ötən ilki 35 yaşa qədər qurulan ailələrin 10 faizi edir.
“Digər tərəfdən insanları düşündürən basqa bir sual da var. Çox insan deyir bu ipotekanın faizi yüksəkdir
Ölkə üzrə maliyyə bazarına nisbətən normaldır. Belə ki bizdə bank kreditləri 17 %-in üzərindədir. Həmçinin bu kreditlərin uzun müddətliyini və gələcək inglyasiya proseslərini nəzərə almaqla faizlər beynəlxalq təcrübəyə uyğundur”- deyə E.Kərimli qeyd edib.
“Sadəcə elə mexanizm düşünmək olar ki gəliri az olan ailələr də bundan istifadə edə bilsin. Bunun üçün sosial kirayə layihəsinin əhatəsini daha da genişləndirmək lazımdır”- deyə, ekspert bildirib.
Qeyd edək ki, limitlərin aktivləşdirilməsi 17 yanvar 2022-ci il tarixində saat 11:00-da başlayıb.