Azərbaycanda investorlara dövlət tərəfindən verilən təminat müəyyənləşib

Azərbaycanda investorlara dövlət tərəfindən verilən təminat
müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti
haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini
tapıb.

Qanun layihəsində qeyd edilir ki, dövlət tərəfindən
investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının
qorunmasına təminat verilir, investorlar və onların
investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət,
hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.

Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə
xarici investorlara və onların investisiyalarına yerli investorlara
və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli
olmayan rejim (milli rejim) tətbiq edilir.

Həmçinin, bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar
vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər
xarici investorlara və onların investisiyalarına tətbiq edilən
rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq
edilir.

Bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan
rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq
edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf
mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı
hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının
qorunması sahəsində Azərbaycan Respublikası qanunlarının tətbiqinə
xələl gətirmir.

Teqlər: