Azərbaycanda inşa edilən ən uzun asma körpüdə işlər nə yerdədir? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4,5-ci kilometrliyində Ağsuçay üzərində asma körpü inşa edilir.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda yolun həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 kilometridir ki, burada sürüşməyə qarşı tədbirlər görülür, svay istinad divarları, eləcə də drenaj sistemlərinin tikintisi və mühəndis işləri aparılır. İnşa edilən körpünün gəliş-gediş yanaşma yollarında da işlər aparılır. Körpüdən sonra tunel olmalıdır. Həmin tunelin giriş hissəsində də müəyyən işlər görülməkdədir.


Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Belə ki, layihələndirilən yolun 4,5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1 135 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2,2 km qısalır.

Teqlər: