Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycanda palçıq vulkanlarının olduğu ərzidə ilk turizm
kompleksinin tikintisi üzrə işlər davam edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm
Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Palçıq Vulkanları Turizm Kompleksində
tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir: “Plan üzrə kompleks ərazisində tikilməsi nəzərdə tutulan binaların
dəmir-beton konstruksiya və hörgü işləri aparılır”.
Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksinin layihəsinə
əsasən, burada inzibati bina, turizm informasiya mərkəzi, turist
təcrübə mərkəzi, kafe və restoranlar, suvenir dükanının tikintisi
nəzərdə tutulub. Ərazidə həmçinin, avtodayanacaq, kvadrosikllər
üçün qaraj, ictimai sanitar qovşağı, su anbarı və nasosxana, bu
kimi digər binaların tikintisi aparılır.
Bundan əlavə, Qobustan qoruğundan Palçıq Vulkanları Turizm
Kompleksinə gediş-gəlişi təmin edəcək 20 kilometrlik yolun çəkilişi
demək olar, başa çatdırılıb, hazırda son tamamlama işləri
aparılır.
Xatırladaq ki, 2021-ci il aprelin 22-də Palçıq Vulkanları Turizm
Kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan
Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak
ediblər.
Palçıq Vulkanları Turizm Kompleksi Abşeron rayonunun Qobustan
kəndinin ərazisində yerləşir. Palçıq Vulkanları Turizm Kompleksi
Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17
kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə
dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə
yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi
tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra
burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə,
“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması
layihəsi icra olunur