İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən Azerconnect şirkəti ölkəmizdə ilk dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ “FLEXcellence” proqramının tətbiqinə başlayıb. Proqramın adı İngilis dilindəki “Flexible Excellence” söz birləşməsindən götürülüb və “Çevik mükəmməllik” mənasını ifadə edir. Şirkət bu proqramın yaratdığı imkanları öz əməkdaşları, eləcə də xidmət göstərdiyi təşkilatların əməkdaşları üçün təklif etməkdədir.
İş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən (distant) işləmək seçimi verir. Bu isə öz növbəsində şirkətə fəalliyyətini uğurlu beynəlxalq təcrübəyə uyğun innovativ həllərin tətbiqi ilə optimallaşdırmaq, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı yeni normallıqlar şəraitində daha təhlükəsiz əmək şəraitini təmin etmək imkanı verir.
Şirkətin İnsan Resursları üzrə Baş müdiri Mətanət Babayeva bildirib ki, proqram ənənəvi iş yeri və iş vaxtı anlayışlarına fərqli bir yanaşmanı təqdim etməkdədir. “Tətbiq etdiyimiz hibrid iş modelinə əsasən, hər bir əməkdaş birbaşa rəhbəri ilə öncədən razılaşdırmaqla şirkətin inzibati ofislərində iş masasını xüsusi proqram vasitəsilə rezervasiya edib həftə ərzində müəyyən günlərdə ofisdən də çalışa bilər. Hibrid modelin tətbiqi əməkdaşlarımızın həm məsafədən işləməsi, həm də onlar arasında komanda işinin, sosiallaşmanın dəstəklənməsini təmin edir. Bu modelin tətbiqi daha çevik bir iş mühiti yaratmaqla bərabər yeni bir korporativ mədəniyyətin formalaşmasına da zəmin yaradacaqdır”-deyə Mətanət Babayeva bildirib.
Şirkətin Baş direktoru Emil Məsimov layihənin uğurundan danışaraq qeyd edib ki, İKT sahəsində fəaliyyət göstərən şirkət olaraq Azerconnect çevik idarəetmə mexanizmlərinin tətbiqində muasir texnologiyalardan maksimum faydalanmağa çalışır. “FLEXcellence” proqramı da məhz belə müasir texniki həllər sayəsində mümkün olub. Ehtiyatla yanaşdığımız bu dəyişiklik COVİD-19 pandemiyasının yaratdığı məcburiyyətlər fonunda uğurla sınaqdan keçirilib. İlkin nəticələr onu deməyə əsas verir ki, proqram təkcə səmərəli idarəetməyə deyil, həmçinin işçi heyətinin maddi rifahı, iş və şəxsi həyat balansının qorunmasına da öz ciddi töhfəsini verməkdədir”- deyə Emil Məsimov bildirib.
Azerconnect ölkəmizdə dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən ilk B2B (Business-to-Business – Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş Azerconnect NEQSOL Holding-in tərkibinə daxildir və beynəlxalq standartlara uyğun olaraq İKT xidmətlərinin geniş çeşidini təqdim etməkdədir.