DEFSCOPE kiber təhlükəsizlik şirkətinin təsisçisi Vüsal Salmanlı və MEGASCOPS müdafiə sistemləri şirkətinin həmtəsisçisi Elxan Poladlının təşəbbüsü ilə 18 Oktyabr 2021-ci il, ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ilində, həmçinin İnformasiya Təhlükəsizliyi üzrə beynəlxalq Maarifləndirmə ayında Azərbaycanda yeni INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin açılışı (soft opening) həyata keçirildi!
Online şəkildə keçirilən görüşdə İctimai Birliyin yaranma tarixçəsi, missiyası, təsisçiləri və fəaliyyət istiqamətləri haqqında detallı məlumat verilib. Birliyin böyük açılışının (grand opening) yaxın zamanda planlaşdırıldığı da görüş əsnasında qeyd edilib.
INSECO – mənzil-qərargahı Azərbaycanda yerləşən İnformasiya Təhlükəsizliyi və İT idarəçiliyi ilə məşğul olan ilk beynəlxalq peşəkar birlikdir. Birlik müvafiq sahələrdən müxtəlif mütəxəssisləri toplayaraq etibarlı bir İnformasiya Təhlükəsizliyi sistemi qurmaqda dövlət və özəl sektora dəstək verməyi, ictimai İnformasiya Təhlükəsizliyi savadının artırılmasını, İnformasiya Təhlükəsizliyi mütəxəssisləri üçün təcrübə mübadiləsi və karyera yüksəlişi üçün peşəkar bir platforma inkişaf etdirməyi qarşısına hədəf qoymuşdur. 2021-ci ildə qurulan INSECO artıq İnformasiya Təhlükəsizliyi idarəçiliyi, audit, analiz, nüfuz testi, boşluqların axtarılması, rəqəmsal kriminalistik araşdırmalar və s. sahələrdə ixtisaslaşmış çoxsaylı mütəxəssislərdən ibarətdir.
İctimai birliyin təsisçiləri Vüsal Salmanlı və Elxan Poladlı görüş zamanı qeyd etmişdir ki, INSECO Azərbaycanı həm kadr, həm də fəaliyyət baxımından kiber təhlükəsizlik sahəsində seçilən bir dövlətə çevirmək üçün əlindən gələni edəcək.
Açılış mərasiminin video qeydlərini (tarixçə, missiya, təsisçilər, istiqamətlər və s.) təşkilatın YouTube kanalından izləyə bilərsiniz.
Rəsmi web səhifə: www.inseco.org